Daha 21 ailə Füzuliyə köçürülüb

10:21 - 10.10.2023


10 oktyabr, Fineko/abc.az. Daha 21 ailə - 88 nəfər Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Füzuliyə yola salınıb.

ABC.AZ xəbər verir ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb.

Daha da gözəlləşən və abadlaşan Füzuli şəhərinin sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər.

Qeyd edək ki, köçürülən ailələr Füzuli şəhərində Azərbaycan dövləti tərəfindən yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Bununla da, Böyük Qayıdış proqramı çərçivəsində Füzuli şəhərində 165 ailə, yəni 602 nəfərin daimi məskunlaşması təmin ediləcək.