10:12 - 10.08.2023
10 avqust, Fineko/abc.az. Nazirlər Kabineti “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatının (BOKT) “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-dən aldığı problemli aktivlərin əvəzində mövcud qanunvericiliyə uyğun olaraq əldə edilmiş, balans dəyəri bir milyon manatdan çox olan əmlakların, yerli və xarici aktivlərin və yaxud onlar üzrə borcların tələb hüquqlarının satılması və kənar idarəçilərə idarəetməyə verilməsi üzrə Müsabiqə Komissiyasının yaradılması barədə qərar qəbul edib.
ABC.AZ xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin Qərarını imzalayıb.
Qərara əsasən, Komissiyaya maliyyə nazirinin müavini Azər Bayramov rəhbərlik edəcək.
Qərarla, həmçinin “Problemli aktivlərin (əmlakların) və onlar üzrə tələb hüquqlarının satılması, idarəetməyə verilməsi və iştirak payı kimi qoyulması üzrə Müsabiqə Komissiyasının fəaliyyət qaydası” təsdiqlənib.