İqtisadiyyatımıza investisiya qoyuluşu 16% artıb

12:29 - 13.06.2023


13 iyun, Fineko/abc.az. Bu ilin yanvar-may aylarında Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 5 milyard 858,2 milyon manat məbləğində vəsait yönəldilib.

ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 15,9% çoxdur.

Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 18,9%, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 14,2% artıb. İstifadə olunmuş vəsaitin 3 milyard 432,5 milyon manatı və ya 58,6%-i məhsul istehsalı sahələrinə, 2 milyard 097,8 milyon manatı (35,8%-i) xidmət sahələrinə, 327,9 milyon manatı (5,6%-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 4 milyard 314,5 milyon manatını və ya 73,6%-ni daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 4 milyard 124,3 milyon manatı və ya 70,4%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların öz vəsaitləri 48,6%, büdcə vəsaitləri 35,6%, əhalinin şəxsi vəsaitləri 6,7%, bank kreditləri 3,4%, sair vəsaitlər isə 5,7% təşkil edib.