BFB Qazaxıstanın "JET Group Ltd." şirkəti ilə müqavilə imzalayıb

16:48 - 20.07.2026


20 iyul, Fineko/abc.az. "Bakı Fond Birjası" QSC (BFB) Listinq Məsləhət Proqramı (LMP) çərçivəsində Qazaxıstanın "JET Group Ltd." şirkəti ilə müqavilə imzalayıb.

ABC.AZ BFB-yə istinadən xəbər verir ki, şirkətin Azərbaycanın kapital bazarına çıxışı istiqamətində hazırlıq işləri davam etdirilir. Bu məqsədlə onun aparıcı investisiya şirkətləri ilə görüşləri təşkil edilib.

"JET Group Ltd." xarici hüquqi şəxs olduğundan, qüvvədə olan qanunvericiliyə əsasən ölkə ərazisində təmin edilmiş istiqraz buraxmalıdır. Bu çərçivədə istiqraz emissiyasına yerli bankın təminat verməsi nəzərdə tutulur.

LMP şirkətlərə birjada səhm və yaxud istiqraz yerləşdirməklə (listinq) maliyyələşməyə dəstək göstərən məlumat və məsləhət xidmətləri proqramıdır. Məqsəd, şirkətlərin kapital bazarlarına çıxışını asanlaşdırmaq, onlara birja proseslərini öyrətmək və alternativ maliyyə mənbələri tapmaqda yardım etməkdir.

JET Group Ltd. 2021-ci ildə təsis edilmiş, Latın Amerikası, Mərkəzi Asiya və Qafqaz regionlarını əhatə edən elektrik skuterlərinin paylaşımı (kicksharing) xidmətləri sahəsində fəaliyyət göstərən aparıcı beynəlxalq mikromobillik şirkətlərindəndir, Qazaxıstan, Braziliya, Azərbaycan, Gürcüstan, Özbəkistan, Çili və Meksikada milyonlarla istifadəçiyə xidmət göstərərək regionun ən sürətlə inkişaf edən mikromobillik platformalarından biri kimi tanınır.