15:17 - 27.04.2023
27 aprel, Fineko/abc.az. Mərkəzi Bankı not hərraclarında rəqabəti artırmaqla müxtəlif müddətlər (1-3-6-9 ay) üzrə gəlirlilik əyrisinin formalaşmasına şərait yaratmaq, qısamüddətli pul bazarında aktivliyi dəstəkləmək üçün notlar üzrə investor bazasını genişləndirib, eləcə də notların yerləşdirilməsi şərtlərinə dəyişikliklər edib.
Yeni qərarla banklarla yanaşı, qeyri-neft və qeyri-dövlət sektorunda fəaliyyət göstərən rezident kommersiya hüquqi şəxslərə də müəyyən limitlər tətbiq etməklə notlara sahib olmaq hüququ verilib. Limitlərin qoyulmasında məqsəd bankların likvidlik mövqeyində və qiymətli kağızlar bazarının müxtəlif seqmentlərində kəskin dəyişikliklərə yol verməməkdir.
ABC.AZ xəbər verir ki, qərarı şərh edən iqtisadçı Cəfər İbrahimli bunun qiymətli kağızlar bazarına bir neçə aspektdən müsbət təsirlərinin olacağını bildirib.
Onun fikrincə, hüquqi şəxslərin bu bazara daxil olması ilə investor bazasının genişlənməsi mümkün olacaq.
“Mərkəzi Bankın notları qısamüddətli və likvid qiymətli kağızlar olduğu üçün investorlar istədiyi vaxt onları sata və ya onlarla repo əməliyyatı apara bilirlər. Bundan əlavə, həmin qiymətli kağızlar investorlar üçün kifayət qədər gəlir gətirdiyinə görə hüquqi şəxslər üçün cəlbedici maliyyə aləti hesab edilir. Dolayısı ilə hüquqi şəxslərin qiymətli kağızlar bazarına gəlməsi burada investor bazasının genişlənməsinə və bu sektorda mövcud olan pul vəsaitlərinin canlanmasına, bu notlarla paralel olaraq multikator effekti ilə digər qiymətli kağızlara da investisiyanın artmasına şərait yaradacaq”, – ekspert bildirib.
4 Avqust 2026
4 Avqust 2026