14:13 - 14.10.2022
14 oktyabr, Fineko/abc.az. 2022-ci ilin yanvar-sentyabr aylarında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2021-ci ilin yanvar-sentyabr aylarına nisbətən 13,4 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 19,3 faiz, qeyri-ərzaq məhsulları üzrə 7,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10,2 faiz artıb.
Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, cari ilin sentyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 3,1 faiz, əvvəlki ilin sentyabr ayına nisbətən 15,6 faiz yüksəlib.
2022-ci ilin sentyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 3,4 faiz, əvvəlki ilin sentyabr ayına nisbətən 21,8 faiz artıb.
Cari ilin sentyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma unun, düyünün, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, təzə balığın, qatılaşdırılmış şəkərli südün, kəsmiyin, xamanın, pendirin, yumurtanın, qarğıdalı yağının, süfrə marqarininin, bananın, limonun, xiyarın, pomidorun, kələmin, bibərin, badımcanın, göy lobyanın, kartofun, sarımsağın, mərcinin, şəkər və şəkər tozunun, konfetlərin, çayın, kola içkisinin, pivənin, ucuzlaşma isə əsasən almanın, armudun, üzümün, balqabağın, soğanın qiymətlərində müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
17 Avqust 2026
15 Avqust 2026