Uzunmüddətli turlarda iştirak edənlər daha çox bu bölgəyə üz tutur

17:05 - 3.06.2022


3 iyun, Fineko/abc.az. Yay mövsümü başlar-başlamaz artıq insanlar da bölgələrə istirahətə yollanır. Şamaxı, İsmayıllı, Qəbələ və Oğuz bölgəsi paytaxta daha yaxın olduğu üçün insanlar bu yerlərə turlarla getməyə üstünlük verirlər. Sözügedən istiqamətdə gedənlər əsasən qısamüddətli, həftəsonu turlara önəm verirlər. Bu il də adı çəkilən bölgə turistlərin marağına səbəb olacaq.

ABC.AZ xəbər verir ki, bu fikri Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Əhməd Qurbanov açıqlamasında deyib.

O qeyd edib ki, hazırda Bakı-Quba magistral yolu təmirdə olduğu üçün Quba-Qusar-Xaçmaz bölgəsinə istirahətə gedənlərin sayında azalma var.

"Uzunmüddətli turlarda iştirak etmək istəyən insanlar daha çox uzaq bölgələrə - Qax, Zaqatala, Balakən zonasına səfər edirlər. O yerlərin havası, təbiəti insanları özünə cəlb edir" deyə Ə.Qurbanov bildirib.

Müəllif: Elmir Murad