16:02 - 2.06.2022
2 iyun, Fineko/abc.az. Dövlət Turizm Agentliyi tərəfindən sosial media istifadəçilərinin ölkə üzrə üstünlük verdikləri turistik məkanların “turizm xəritəsi”nin müəyyənləşdirilməsi, həmin məkanlar haqqında məlumatlılıq və aktuallıq səviyyəsinin yoxlanılması məqsədilə “Instagram” sosial şəbəkəsinin 2018-2021-ci illəri əhatə edən təhlil nəticələri üzrə hesabat hazırlanıb.
ABC.AZ xəbər verir ki, paylaşım sayına görə təbiət kateqoriyası 43.8%-lə birinci sırada, 38.7%-lə xüsusi maraq və şəhər təcrübəsi ikinci sırada, 12.79%-lə mədəniyyət və tarix üçüncü sırada, 4.7%-lə isə sağlamlıq kateqoriyası dördüncü sırada qərarlaşıb.
Mövsümə uyğun təsnifatlaşdırmaya əsasən yaz və qış mövsümü üzrə edilmiş paylaşımlarda xüsusi maraq və şəhər təcrübəsi, yay və payız mövsümündə olan paylaşımlarda təbiət kateqoriyası üstünlük təşkil edir.
Təhlilə əsasən yay aylarında təbiət kateqoriyasında yer alan məkanlarda həyata keçirilən paylaşımların qış aylarından 4 dəfə daha çox olduğu müəyyənləşib. Oxşar göstəricilər mədəni və tarixi turizm məkanlarında da qeydə alınıbdır ki, bu destinasiyaların da yaz və yay mövsümlərində daha çox turistlər tərəfindən ziyarət olunduğu müşahidə edilir.