Azərbaycanda 4,5 min pay torpağı dövlətin hesabına sənədləşdirilib

17:22 - 24.02.2022


24 fevral, Fineko/abc.az. Prezident İlham Əliyevin “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” 7 oktyabr 2021-ci il tarixli fərmanına uyğun olaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti bu günə qədər 4,5 min pay torpağını sənədləşdirib.

Bu barədə ABC.AZ-a qurumdan bildirilib.

Məlumatda deyilir ki, mülkiyyət sənədləri almamış vətəndaşlar ödənişsiz şəkildə, şəxsiyyət vəsiqəsini təqdim etməklə pay torpaqlarına dair çıxarış üçün qeydiyyat xidmətlərindən yararlanırlar.

Bu il fevralın 23-nə qədər 10 420 ərizə qəbul olunub, həmin ərizələrə əsasən 4 484 torpaq sahəsi üzərində vətəndaşların mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb.

Xidmət tərəfindən ərizəsi qəbul edilən digər vətəndaşların mülkiyyət sənədləri qanunvericiliyə uyğun müddətdə təqdim ediləcək.

Ümumilikdə, 50 minə yaxın ailənin mülkiyyət sənədləri ilə təmin edilməmiş torpaq paylarının dövlət vəsaiti hesabına sənədləşdirilməsini nəzərdə tutulur.