“Qazprom” və BOTAŞ təbii qaz müqaviləsini 3 il müddətinə uzatdı

16:45 - 27.11.2026


27 Noyabr, Fineko/abc.az. Rusiyanın “Qazprom” və Türkiyənin BOTAŞ şirkətləri Türkiyəyə təbii qaz tədarükünə dair mövcud müqaviləni eyni şərtlərlə daha 3 il müddətinə uzadıblar.

Bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak İstanbulda keçirilən Rusiya–Türkiyə Hökumətlərarası Komissiyasının 20-ci iclası çərçivəsində jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, yeni razılaşma üzrə qaz tədarükünün həcmi və şərtləri dəyişməz qalacaq.

A.Novak həmçinin Rusiyanın “Novatek” şirkətinin 2027-ci il yanvarın 1-dən etibarən Türkiyəyə mayeləşdirilmiş təbii qaz (LNG) ixracına başlayacağını, ilin əvvəlindən isə Rusiyanın Türkiyəyə əsasən dizel yanacağından ibarət 20 milyon tondan çox neft məhsulu göndərdiyini qeyd edib. Bundan əlavə, “Akkuyu” Atom Elektrik Stansiyasının birinci enerji blokunun bu ilin dekabr ayında işə salınması prosesinə başlanılması gözlənilir.