Bakıda metro və avtobuslar 1 qəpik olacaq?

14:09 - 25.11.2026


25 noyabr, Fineko/abc.az. "BakıKart" və "Mastercard" UEFA Çempionlar Liqası çərçivəsində Bakıda keçiriləcək "Sabah" - "Barselona" qarşılaşması münasibətilə sərnişinlər üçün xüsusi kampaniyaya start verib.

"BakıKart"dan verilən məlumata görə, kampaniya çərçivəsində 25 noyabr tarixində saat 18:00-dan 01:00-dək "Mastercard" kartları ilə təmassız (NFC) ödəniş edən sərnişinlər ictimai nəqliyyatdan cəmi 1 qəpiyə (0.01 AZN) istifadə edə biləcəklər.

Güzəşt yerli və xarici banklar tərəfindən emissiya edilmiş "Mastercard" kartları ilə "Apple Pay" və "Google Pay" vasitəsilə aparılan təmassız (NFC) ödənişlərə şamil olunur.

Kampaniya Bakı ərazisində NFC ödənişlərinin mümkün olduğu metro və avtobusları əhatə edir və müəyyən edilmiş saatlar ərzində güzəştli gedişlərin sayına heç bir məhdudiyyət tətbiq edilmir. Təşəbbüsün əsas məqsədi futbol azarkeşlərinin gediş-gəlişini daha sərfəli etmək, ictimai nəqliyyatdan istifadəni və təmassız ödənişləri təşviq etməkdir.

Qeyd olunur ki, "BakıKart" tərəfdaşları ilə birgə sərnişinlər üçün yeni ödəniş imkanları və güzəştli kampaniyalar təqdim etməyə davam edir.