Azərbaycanda daşınmaz əmlakın elektron reyestri yaradılır - Fərman

16:35 - 28.10.2026


28 oktyabr, Fineko/abc.az. Prezident İlham Əliyevin imzaladığı yeni fərmanla "Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı" informasiya sisteminin (DERKİS) Əsasnaməsi təsdiq edilib.

Fərmana əsasən, DERKİS-in sahibi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, operatoru isə onun tabeliyindəki Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri təyin olunub.

Layihə çərçivəsində İqtisadiyyat Nazirliyi 18 ay müddətində mövcud sənəd və məlumatların DERKİS-ə daxil edilməsini, torpaqların elektron kadastr uçotu sistemindəki datanın bura miqrasiyasını və həmin köhnə sistemin fəaliyyətinin dayandırılmasını təmin etməlidir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi isə aidiyyəti qurumlarla birgə məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə yeni platformaya ötürülməsini və DERKİS-in "Hökumət buludu"nda (G-cloud) yerləşdirilməsini reallaşdıracaq.