Azərbaycan 2 ölkə ilə elektrik şəbəkələrini birləşdirəcək – Proses gedir

09:59 - 25.12.2020


25 dekabr, Fineko/abc.az. Azərbaycan, Rusiya və İran arasında elektrik şəbəkələrinin birləşdirilməsi layihəsi üzrə texniki iqtisadi əsaslandırmanın (TİƏ) hazırlanması üzrə müvafiq işlər davam etdirilməkdədir.

Energetika Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, oktyabrın 12-də Moskvada Rusiya-Azərbaycan-İran elektrik enerjisi sistemlərinin birləşdirilməsi ilə bağlı üçtərəfli işçi qrupunun birinci iclası keçirilib.

Qeyd olunub ki, bununla yanaşı 2019-cu ilin 12 avqust tarixində Azərbaycan tərəfindən “Azərenerji” ASC, İran tərəfindən “Tavanir”, Rusiya tərəfindən “Rosseti” PSC və “СО ЕЭС” ASC şirkətlərinin nümayəndələrinin iştirakı ilə sözügedən layihə üzrə TİƏ-nin birgə hazırlanmasına dair razılaşma imzalanıb. Hazırda TİƏ-nin imzalanması üzrə Rusiya və İran tərəfi ilə, həmçinin əsaslandırmanın hazırlanması üzrə məsləhətçi qismində seçilmiş şirkətlə üçtərəfli müzakirələr aparılmaqdadır. Əsaslandırmanın hazırlanması başa çatdıqdan sonra icra mərhələsinə başlanılacaq.