Beynəlxalq təşkilat Azərbaycanla məsləhətləşmələri təxirə saldı – Pandemiya səbəbindən

14:30 - 12.06.2020


12 iyun, Fineko/abc.az. Beynəlxalq Valyuta Fondu (BVF, İMF) Nizamnaməsinin IV maddəsilə bağlı Azərbaycan hökumətilə bütün məsləhətləşmələrini COVID-19 pandemiyası üzündən qeyri-müəyyən müddətə təxirə salıb.

ABC.AZ report-a istinadən xəbər verir ki, bunu BVF-nin Bakı ofisinin rəhbəri Ağgün Qədirli bildirib.

O qeyd edib ki, Fondun IV maddəsi ilə bağlı illik məsləhətləşmələr BVF-ə üzv ölkələrinin hamısı kimi Azərbaycanla da vəziyyətə görə həyata keçiriləcək.

Mart ayında maliyyə naziri Samir Şərifovun Vaşinqton səfəri zamanı BVF-nin Azərbaycan missiyasının rəhbəri Nataliya Tamirisa ilə IV maddəyə dair  məsləhətləşmələr üçün missiyanın iyul ayında Bakıya səfərinə hazırlıqla bağlı müzakirələr aparılmışdı. Son dəfə bu cür məsləhətləşmələr 2019-cu ilin iyun ayında keçirilib.