16:56 - 5.05.2020
5 may, Fineko/abc.az. Koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə dəstək məqsədilə Çin Azərbaycana daha bir humanitar yardımlar göndərib.
ABC.AZ xəbər verir ki, Çinin Syan şəhərindən Sumqayıta COVID-19 pandemiyası ilə mübarizədə dəstək üçün tibbi vasitələrdən ibarət humanitar yardım göndərilib.
Humanitar yardıma 100 min ədəd gündəlik qoruyucu tibbi maska, 10 min ədəd N95 tibbi maska, COVID-19 virusunu müəyyən edən 10 min ədəd test dəsti, 5000 ədəd qoruyucu geyim, 5000 ədəd qoruyucu tibbi eynək, 1 ədəd süni tənəffüs aparatı, 1 ədəd koronavirus nukleyd turşusunu müəyyən edən laborator aparat və 100 ədəd məsafədən ölçən infraqırmızı termometrdən ibarət yardım daxildir. Yardım artıq Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən qəbul edilib.
Sözügedən humanitar yardım şəhərin tibb müəssisələrinə paylanılacaq və koronavirusla mübarizədə istifadə olunacaq.