Pensiyaçılara sevindirici xəbər – Fevral ayının pensiyasını artımla alacaqlar

17:13 - 6.02.2020


6 fevral, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev əmək pensiyalarının indeksləşdirilməsi haqqında  sərəncam imzalayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Prezident İlham Əliyevin pensiya ilə bağlı sərəncamının şərhini verib.

 ABC.AZ nazirliyə istinadən xəbər verir ki, sərəncamın icrası olaraq, pensiyaların orta aylıq əmək haqqının 2019-cu il üzrə artım göstəricisinə uyğun şəkildə indeksləşdirilərək 16,6 faiz artırılması sığorta prinsipi ilə pensiya alan bütün pensiyaçıları (pensiyaçıların 93 faizi və ya 1 milyon 120 minə yaxını) əhatə edəcək. Bu artımdan sonra orta aylıq pensiya məbləği 262 manatdan 300 manatadək yüksəlir.

Artım 2020-ci ilin 1 yanvar tarixindən tətbiq olunacaq və yanvar ayının artımı fevral ayının pensiyası ilə birgə veriləcək. Misal üçün, şəxsin pensiyası 400 manatdırsa, bu məbləğ yanvarın 1-dən 16,6 faiz, yəni 66,4 manat artırılmaqla 466,4 manata çatdırılacaq, yanvar ayının 66,4 manat artımı da fevral ayında veriləcək, yəni şəxs fevral ayında yanvar ayının artımı ilə birgə (466.4+66,4) 532.8 manat pensiya alacaq.

Müəllif: Elmir Murad