Mərkəzi Bankın qarşısında olduqca mühüm vəzifələr dayanır – Elman Rüstəmov

14:31 - 14.01.2020


14 yanvar, Fineko/abc.az. İstehlak kreditləri, əhaliyə verilən kreditlər təxminən 20 faizdən bir qədər çox artıb.

Bütövlükdə bizim təbii ki, cari ildə görəcəyimiz əsas işlərdən biri iqtisadiyyatın, xüsusilə də kiçik müəssisələrin mikrokreditləşmə vasitəsilə aşağı, uzunmüddətli kreditlərə əlçatanlığının artırılmasıdır.

ABC.AZ xəbər verir ki, bunu yanvarın 13-də prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, bütövlükdə əmanətlər də artıb.

Manatla müddətli əmanətlər 27 faiz artıb deyən E.Rüstəmov hesab edir ki, bu sosial sahədə atılan addımların nəinki əhalinin yüksək istehlak səviyyəsini təmin etdiyini, həm də əhalinin yığımlarının da təmin olunduğunun göstəricisidir: “Ödəniş sistemində başlıca məqsədimiz təbii ki, qeyri-nağd ödənişlərin səviyyəsinin artırılması, nağd ödənişlərin isə məhdudlaşdırılmasıdır. Keçən il milli ödəniş sistemi vasitəsilə ödənişlərin həcmi 10 faiz, sayı isə 41 faiz artıb. O cümlədən ödəniş kartlarının sayı 13 faiz və kart ödənişlərinin sayı 29 faiz, kartlar vasitəsilə qeyri-nağd ödənişlərin həcmi 57 faiz, elektron-bankinq, elektron ticarət üzrə ödənişlər isə 93 faiz yüksəlib. Burada müsbət dinamika özünü göstərir. Bu, bir tərəfdən ötən il bu sahədə aparılan islahatların, bütövlükdə təbii ki, şəffaflaşdırmanın nəticələridir. Digər tərəfdən isə ödəniş sisteminin modernləşdirilməsi istiqamətində nağd ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı reallaşdırılmasından irəli gələn tədbirlərdir. Amma burada görəcəyimiz işlər olduqca çoxdur. Hesab edirəm ki, cari ildə bu istiqamətdə həm Mərkəzi Bankın, həm də Azərbaycan hökumətinin qarşısında olduqca mühüm vəzifələr durur”.

Müəllif: Elmir Murad