SOCAR-ın törəmə şirkəti İsraildə qaz quyusunun qazılmasına başlayıb

16:46 - 25.11.2026


25 noyabr, Fineko/abc.az. SOCAR-ın strukturuna daxil olan “Caspian Drilling Company” (CDC) şirkəti İsrailin cənubunda qaz perspektivli quyunun qazılmasına başlayıb.

Şirkətin yaydığı məlumata əsasən, qazma işləri “Mosestro” şirkətinin sifarişi ilə "Sifra North 01" quyusunda həyata keçirilir.

CDC və Kompleks Qazma İşləri Tresti (KQİT) tərəfindən birgə icra olunan layihədə qazma öncəsi yoxlama siyahısı üzrə bütün prosedurlar tamamlandıqdan sonra, 22 noyabr 2026-cı il saat 11:20-də quyunun qazılmasına start verilib.

Şirkət bu mühüm mərhələnin hər iki komandanın yüksək hazırlığını və əlaqələndirilmiş fəaliyyətini əks etdirdiyini vurğulayıb, sifarişçi "Mosestro"ya, layihə tərəfdaşlarına və hazırlıq prosesinə töhfə verən hər kəsə təşəkkürünü bildirib.

Açıqlamada həmçinin CDC və KQİT-in qazma işlərinin təhlükəsiz və səmərəli şəkildə başa çatdırılması üçün sıx əməkdaşlığı davam etdirəcəyi qeyd olunub.