Neft ucuzlaşır: Brent bir barel üçün 88,64 dollar təşkil edir

09:25 - 24.11.2026


24 noyabr, Fineko/abc.az. Çərşənbə axşamı keçirilən hərracların gedişində əvvəlki sessiyanın yekunları üzrə əhəmiyyətli dərəcədə ucuzlaşmadan sonra dünya neft qiymətləri enməyə davam edir.

Saat 09:22-yə olan məlumata görə, ICE Futures birjasında Brent markalı neftin yanvar fyuçersləri 0,73 dollar (0,82%) ucuzlaşaraq bir barel üçün 88,64 dollar təşkil edib. 23 noyabr hərraclarının yekunlarına görə bu müqavilələrin dəyəri 3,20 dollar (3,46%) azalaraq bir barel üçün 89,37 dollar olub.

Nyu-York Əmtəə Birjasında (NYMEX) WTI markalı neftin yanvar fyuçersləri bu vaxta qədər 0,78 dollar (0,97%) ucuzlaşaraq bir barel üçün 79,39 dollar təşkil edib. Əvvəlki ticarət sessiyasının yekunlarına görə onların dəyəri 3,24 dollar (3,88%) düşərək bir barel üçün 80,17 dollar olmuşdu.