Ermənistanda TRIPP layihəsinin icrasına başlanılıb - Tramp

14:26 - 23.11.2026


23 noyabr, Fineko/abc.az. Ermənistan və ABŞ hökumətlərinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin praktiki mərhələsinə rəsmən start verilib.

Ermənistanın Baş naziri Nikol Paşinyan ictimaiyyətə açıqlamasında bu təşəbbüsü ölkəsinin müstəqillik tarixində reallaşdırdığı ən böyük iqtisadi proqram adlandırıb.

Onun sözlərinə görə, layihə regionda kommunikasiyaların açılması və sülhün möhkəmlənməsi ilə yanaşı, Ermənistanın xarici bazarlara çıxışını genişləndirəcək, investisiya mühitini yaxşılaşdıracaq və Transxəzər ticarət marşrutuna əlavə dinamika qazandıracaq.

Məsələ ilə bağlı videomüraciət yayımlayan ABŞ Prezidenti Donald Tramp isə layihənin rəsmi fəaliyyətə başlaması münasibətilə təbriklərini çatdırıb.

Ağ Ev rəhbəri Nikol Paşinyanın sülh yolunu seçdiyini və Vaşinqton-İrəvan tərəfdaşlığının regionda yükdaşımalar, enerji axını və səyahətlər üçün yeni ticarət yolları açacağını vurğulayıb.

ABŞ Prezidenti layihənin reallaşmasındakı birgə səylərə görə Nikol Paşinyana və Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edərək, Vaşinqtonun bu təşəbbüsün uğurunu təmin etməyə sadiq olduğunu bildirib.