Heyvandarlıq və quşçuluq müəssisələri üçün yeni tikinti normaları təsdiqlənib

15:38 - 25.11.2026


25 noyabr, Fineko/abc.az. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası Azərbaycanda tikiləcək və yenidən qurulacaq heyvandarlıq və quşçuluq müəssisələri üçün yeni layihələndirmə normalarını təsdiqləyib.

Sənəd binaların, su təchizatı və ventilyasiya sistemlərinin layihələndirilməsi, eləcə də yanğın təhlükəsizliyi üzrə tələbləri müəyyən edir.

Yeni qaydalarda temperatur, rütubət və hava keyfiyyətinə avtomatlaşdırılmış nəzarət, istilik stressi zamanı soyutma sistemlərinin avtomatik işə düşməsi, rəqəmsal su sayğaclarının tətbiqi və enerji sərfiyyatının azaldılması tövsiyə olunur.

Bundan əlavə, tullantıların ətraf mühiti çirkləndirməsinin qarşısının alınması və üzvi gübrə kimi istifadəsi, eləcə də fövqəladə hallar üçün hər bölmədən ən azı iki müstəqil təxliyə yolunun qurulması nəzərdə tutulur.

Yeni normalar qüvvəyə mindikdən sonra 1984-cü ildən tətbiq olunan “СНиП 2.10.03-84” sənədinin ölkə ərazisində hüquqi qüvvəsi dayandırılacaq.