İtaliya Azərbaycanla iqtisadi əməkdaşlığı enerji sektorundan kənara çıxarmaq niyyətindədir

12:03 - 23.11.2026


23 noyabr, Fineko/abc.az. İtaliya Azərbaycanla iqtisadi tərəfdaşlığı ənənəvi enerji sektorundan kənara çıxararaq emal sənayesi, maşınqayırma, infrastruktur, texnologiya transferi və Orta Dəhliz layihələri üzrə genişləndirmək niyyətindədir.

Bunu İtaliya İqtisadiyyatının Milli Təşviqi Təşkilatı – “Cassa Depositi e Prestiti SpA”nın (CDP) beynəlxalq bazarların inkişafı üzrə rəhbəri Loran Françozi  Azərbaycan-İtaliya biznes-forumunda çıxışı zamanı bildirib.

O qeyd edib ki, iki ölkə arasında ticarət dövriyyəsinin əsasını enerji sektoru təşkil etsə də, İtaliyanın Azərbaycana ixracının payı hələlik məhduddur və məhsuldar investisiyaların artırılması üçün böyük potensial var.

CDP rəsmisi TAP layihəsində “Snam” və “Saipem”in, eləcə də “AzərEnerji” ilə “Ansaldo”nun uğurlu əməkdaşlığını nümunə göstərərək, qurumun həm kapital səfərbərliyi, həm də biznes tərəfdaşlarının bir araya gətirilməsi platforması kimi çıxış etdiyini vurğulayıb.

O, həmçinin Azərbaycan İnvestisiya Holdinqi, SOCAR və Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ilə dialoqun əhəmiyyətini qeyd edib, Qara dəniz və Xəzər dənizi arasında enerji əlaqələrinin və kiçik və orta biznesin əməkdaşlığının inkişafına maraq göstərdiklərini bildirib.

L.Françozi əlavə edib ki, CDP 2028-ci ildə Suveren Fondların Beynəlxalq Forumunun İllik İclasına Bakının ev sahibliyi etməsi təşəbbüsünü dəstəkləyir və tədbirin təşkilində ARDNF ilə əməkdaşlığa hazırdır.