Nazir: Azərbaycan İtaliya iqtisadiyyatının uzunmüddətli investoruna çevrilib

12:33 - 23.11.2026


23 Noyabr, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Fondu (ARDNF) son bir neçə ildə İtaliya iqtisadiyyatına təxminən 3 milyard dollar sərmayə yatırıb, bu ilin may ayında SOCAR-ın “İtaliya Petroli” şirkətində nəzarət payı əldə etməsi isə ölkəmizin İtaliyada uzunmüddətli investor kimi iştirakını daha da gücləndirib.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov 200-dən çox şirkət nümayəndəsinin qatıldığı Azərbaycan-İtaliya biznes-forumunda çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, makroiqtisadi sabitlik və qeyri-neft-qaz sektorunun şaxələndirilməsi siyasəti xarici investorlar üçün əlverişli mühit formalaşdırıb.

M.Cabbarov sənaye parklarında və Ələt Azad İqtisadi Zonasında vergi və gömrük güzəştlərinin tətbiq olunduğunu vurğulayaraq, hazırda Azərbaycanda sənaye, tikinti, enerji, kənd təsərrüfatı, nəqliyyat, ticarət və xidmət sahələrində İtaliyanın 130-a yaxın şirkətinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb.