Azərbaycanda yeni manat kreditlərinin orta faizi 18,14%-ə enib

14:19 - 30.10.2026


30 oktyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının sentyabr ayı üzrə statistik bülleteninə əsasən, bu ilin sentyabr ayında bankların manatla yeni verdikləri kreditlər üzrə orta illik faiz dərəcəsi 18,14%-ə düşüb.

Bu göstərici avqust ayı ilə müqayisədə 0,69 faiz bəndi, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0,13 faiz bəndi azdır.

Lakin ilin əvvəli ilə müqayisədə kredit faizlərində 0,45 faiz bəndlik artım saxlanılır. Sentyabrda xarici valyutada yeni verilmiş kreditlərin orta faiz dərəcəsi 5,82%-ə enib, manatla yeni cəlb edilən müddətli depozitlərin orta faizi isə 8,28%-ə yüksəlib.

Bununla da yeni manat kreditləri ilə depozitlər arasındakı spred 9,86 faiz bəndinə qədər daralıb.

Mərkəzi Bankın sədri Taleh Kazımov oktyabrın 29-da keçirilən mətbuat konfransında bankları sərbəst vəsaitlərini Mərkəzi Bankda 5% gəlirliliklə saxlamadansa, kreditləşməyə və banklararası bazara yönəltməyə çağırıb.

Sədr bundan əvvəl rəqabətin zəifliyi səbəbindən faizlərin arzuolunan sürətlə enmədiyini bildirmiş, tənzimləyici qurum isə son iclasında uçot dərəcəsini 6,5% səviyyəsində dəyişməz saxlamışdır.