Pərakəndə ticarətdə inam indeksi kəskin artıb – AMB

10:22 - 30.10.2026


30 oktyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının (AMB) real sektorun monitorinqinə əsasən, 2026-cı ilin sentyabrında pərakəndə ticarətdə inam indeksi 17,9 bənd təşkil edib.

Bu, ötən ilin eyni ayı ilə müqayisədə 17,1 bənd çoxdur (ötən il 0,8 bənd olub). Lakin avqust ayı ilə müqayisədə göstərici cüzi zəifləyərək 18,7 bənddən 17,9 bəndə enib.

AMB-nin sorğusuna görə, ticarət müəssisələrinin növbəti üç ay üzrə satış gözləntiləri sentyabrda 41,5 bəndə yüksəlib (avqustda 19,4, ötən ilin sentyabrında 5,7 bənd).

Beləliklə, satış gözləntiləri aylıq 22,1, illik isə 35,8 bənd yaxşılaşıb.

Son üç ayın faktiki satış göstəricisi avqustdakı 20,5 bənddən sentyabrda 13 bəndə enib, lakin ötən ilin eyni dövrünü (11,3 bənd) üstələyib. Mal ehtiyatlarının dəyişmə göstəricisi -16,3 bənddən 0,6 bəndə qalxıb. Növbəti üç ay üzrə qiymət gözləntiləri isə 6,3 bənddən 2,4 bəndə düşüb (ötən il -7,4 bənd idi).

Qeyd edək ki, inam indeksi faktiki satışlar, mal ehtiyatları və satış gözləntiləri əsasında hesablanır. İndeksin müsbət olması işgüzar mühitdə müsbət meyillərin üstünlük təşkil etdiyini göstərir.