Taleh Kazımov: "Xarici bankların bazara daxil olması rəqabəti və İT-ni gücləndirəcək"

14:45 - 29.10.2026


29 oktyabr, Fineko/abcnews. Azərbaycan Mərkəzi Bankı (AMB) ölkənin maliyyə bazarında rəqabəti gücləndirmək və müasir texnologiyaları cəlb etmək məqsədilə xarici bankların və investorların yerli bazara daxil olmasını tam dəstəkləyir.

Bu barədə keçirilən mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib.

Baş tənzimləyicinin rəhbəri tənzimləyici qurumun xarici kapitalla bağlı maraqsız olması barədə iddiaları təkzib edərək qeyd edib:

"Əksinə, xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik və bundan çox məmnunuq. Düşünürəm ki, bu, həm insan kapitalının inkişafı, həm informasiya texnologiyalarından istifadə, həm də rəqabətin güclənməsi baxımından böyük töhfə verəcək. Sözsüz ki, ölkəmizin maraqlarını qorumaq şərtilə, təkcə bank sektorunda deyil, həm də kapital bazarında və sığorta sektorunda xarici iştirakın artmasına açığıq. Əsas məqsədimiz və vəzifəmiz Azərbaycanın maliyyə sektorunu beynəlxalq müstəvidə tanıtmaq və investorları ölkəmizə dəvət etməkdir".