Qaz kəmərlərində itkilər azaldı, nəqlin həcmi yüksəldi

17:15 - 23.09.2026


23 sentyabr, Fineko/abc.az. Bu ilin birinci yarısında Azərbaycanda magistral qaz kəmərlərində itkilər illik müqayisədə 5,5% azalaraq 24,1 milyon kubmetrə düşüb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin eyni dövründə bu göstərici 25,5 milyon kubmetr təşkil etmişdi.

İtkilərin azalması ilə yanaşı, yanvar-iyun aylarında magistral kəmərlərlə qaz nəqlində 2,6%-lik artım qeydə alınıb və ümumi həcm 20 792,1 milyon kubmetrə çatıb.

İlin ilk yarısında nəql edilən qazın 55%-i — yəni 11 442,2 milyon kubmetri (1,8%-lik artım) “Şahdəniz” yatağının qazını daşıyan Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəmərinin payına düşüb.