Geosiyasi gərginliklər ticarətin nə qədər sürətlə dayandıra bildiyini göstərib - Mikayıl Cabbarov

11:35 - 25.09.2026


25 sentyabr, Fineko/abc.az. İqtisadiyyat naziri Mikayıl Cabbarov İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumundakı çıxışı zamanı qlobal iqtisadiyyatda baş verən dəyişikliklərdən və Azərbaycanın strateji mövqeyindən bəhs edib.

Nazir bildirib ki, hazırda bizneslər və hökumətlər investisiya, ticarət və tərəfdaşlıq seçimini yenidən nəzərdən keçirir, qloballaşma isə öz formasını dəyişir.

Bu prosesdə səmərəliliklə yanaşı, tərəfdaşların etibarlılığı və təchizat zəncirinin davamlılığı qərar qəbulunda daha böyük əhəmiyyət kəsb etməyə başlayıb.

Nazirin sözlərinə görə, son altı ildə yaşanan pandemiya, daşımalardakı fasilələr və geosiyasi gərginliklər uzaq görünən şokların istehsalı və ticarəti nə qədər sürətlə dayandıra bildiyini göstərib.

Tariflər, subsidiyalar və ixrac nəzarəti strateji sahələrin rəqabətinə təsir edir, davamlılıq axtarışı isə öz növbəsində istehsalı daha baha başa gətirir. Belə bir şəraitdə hökumətlər bütün xarici riskləri neytrallaşdıra bilməsələr də, siyasətlərini daha proqnozlaşdırılan edə və razılaşmalara riayət olunmasını təmin edə bilərlər.

Mikayıl Cabbarov vurğulayıb ki, Azərbaycanın cavabı etimad yaratmaq, uzunmüddətli tərəfdaşlığa yönəlmək və regionlararası əlaqələri möhkəmləndirməkdir. 1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə imzalanmış "Əsrin Müqaviləsi" ilə əsası qoyulan müasir əməkdaşlıq modeli otuz ildən çoxdur ki, uğurla davam edir.

Bu gün Azərbaycan qazı 16 ölkəyə, o cümlədən Avropa İttifaqının 10 üzvünə tədarük olunur. Bu etibarlılıq mühiti xarici şirkətlərin ölkəmizə, xüsusilə ənənəvi enerji ilə yanaşı bərpa olunan enerji sahəsinə də təkrar investisiya qoymasını stimullaşdırır.