Qaz qurğuları üçün yeni təhlükəsizlik dövrü başladı

11:44 - 26.11.2026


26 noyabr, Fineko/abc.az. Qaz yanacağı ilə işləyən qurğu və avadanlıqların təhlükəsizliyi haqqında Texniki Reqlament 6 noyabr 2026-cı ildən qüvvəyə minib.

Bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə “Qeyri-qida istehlak mallarının təhlükəsizliyi” mövzusunda media nümayəndələri üçün keçirilən tədbirində Texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri Elməddin Quluyev deyib.

O qeyd edib ki, sənəd Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 may 2026-cı il tarixli 131 nömrəli Qərarı ilə təsdiq edilmişdi.

"Reqlament məişətdə yemək hazırlanması və qızdırılması üçün qurğuları, qaz yanacağı ilə işləyən su qızdırıcılarını, habelə ictimai iaşə müəssisələri və iaşə bölmələri üçün istilik avadanlığını əhatə edir. Məqsəd insanların həyat və sağlamlığının, ətraf mühitin, əmlakın və dövlət maraqlarının qorunmasıdır. Reqlament istehlakçıları qurğunun təyinatı və təhlükəsizliyi barədə çaşdıran hərəkətlərin qarşısını almağı, enerji səmərəliliyini və resurs qənaətini təmin etməyi də nəzərdə tutur. Uyğunluq bəyan edilməli və ya sertifikatlaşdırma yolu ilə təsdiqlənməlidir".

Müəllif: Elmir Muradov