Təhsilə sərmayə 60%-dən çox azaldı

10:59 - 26.11.2026


26 noyabr, Fineko/abc.az. 2026-cı ilin yanvar–oktyabr aylarında Azərbaycanda təhsil sahəsində əsas kapitala 90,8 milyon manat investisiya yönəldilib.

Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 62,3% azdır.

Səhiyyə və sosial xidmətlər sahəsində isə investisiya 20,3% artaraq 108,9 milyon manata çatıb. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Qeyd edilib ki, on ayda ölkə üzrə əsas kapitala investisiyalar real ifadədə 9,7% artaraq 16,52 milyard manat təşkil edib.

Təhsil və səhiyyə ilə sosial xidmətlərə birlikdə 199,7 milyon manat yönəldilib. Bu, ölkə üzrə əsas kapitala qoyulan vəsaitin təxminən 1,2%-i deməkdir.

Hesabat dövründə səhiyyə və sosial xidmətlərə yönəldilən investisiya təhsil sahəsindəki göstəricini 18,1 milyon manat, yaxud təxminən 20% üstələyib.