Bakıda 5 marşrut xətti "Şamaxinka" dayanacağından çıxarılır — AYNA-dan açıqlama

11:30 - 21.09.2026


21 Sentyabr, Fineko/abc.az. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Moskva prospekti, "Şamaxinka" adlanan ərazidə avtobusların hərəkətinin optimallaşdırılması məqsədilə yeni qərar qəbul edib.

Qərara əsasən, 130, 142, 500, 503 və 508 nömrəli müntəzəm marşrut xətləri mövcud "Şamaxinka" dayanacaq məntəqəsindən çıxarılır. Sözügedən marşrutların sərnişinləri bundan sonra "Azərbaycanfilm Kinostudiyası" dayanacaq məntəqəsindən istifadə edə biləcəklər.

Həmçinin ərazidə nəqliyyat sıxlığının qarşısını almaq üçün "Şamaxinka" dayanacaq məntəqəsi qruplaşdırılaraq 3 hissəyə ayrılacaq və sərnişinlərin rahatlığı üçün müvafiq yol nişanları ilə işarələnəcək.

Yeni tənzimləmə avtobusların dayanacaq ətrafında yarada biləcəyi əlavə tıxac və maneələri aradan qaldırmağa hədəflənib.