Çin avtomobil istehsalçıları Avropa bazarında rekord vurub — Hibrid modellərə tələbat artıb

10:46 - 23.09.2026


23 Sentyabr, Fineko/abc.az. Çin avtomobil istehsalçıları, xüsusən "BYD Co." daxil olmaqla, avqust ayında Avropanın yeni avtomobil bazarında təxminən 12%-lik rekord paya çatıb.

"Dataforce" tədqiqat şirkətinin məlumatına görə, Çin brendləri Avropada ümumi hibrid avtomobil satışlarının dörddə birini, "plug-in" hibrid (PHEV) satışlarının isə təxminən üçdə birini reallaşdırıb. Şarj infrastrukturu və yürüş məsafəsi ilə bağlı narahatlıqlar fonunda istehlakçıların daha əlçatan hibridlərə yönəlməsi, habelə hibridlərin Aİ-nin elektromobillərə tətbiq etdiyi əlavə gömrük tariflərinə hələlik cəlb edilməməsi bu artımı stimullaşdırıb.

Analitiklərin bildirdiyinə görə, avqust ayında elektromobil və hibrid vasitələrinə tələbat 27% artaraq ümumi Avropa avtomobil bazarının 4,6% böyüməsinə təkan verib. Böyük Britaniyada isə satılan hər 5 yeni avtomobildən 1-i Çin brendlərinin payına düşüb.

Bununla belə, Almaniyanın Aİ-yə təqdim etməyə hazırlaşdığı yeni iqtisadi təhlükəsizlik paketi çərçivəsində Çindən idxal edilən hibrid modellərə də əlavə gömrük rüsumlarının tətbiq olunması gündəmdədir.