"Togg"un yeni modeli "T6X" daha uyğun qiymətə satışa çıxarılır

16:37 - 31.08.2026


31 avqust, Fineko/abc.az. Türkiyənin milli avtomobil brendi "Togg"un İdarə Heyətinin sədri Fuat Tosyalı şirkətin yeni kompakt modeli "T6X"in təqdimat və satış müddətlərini açıqlayıb.

Açıqlamaya əsasən, yeni model üçün müraciətlərin qəbuluna gələn ilin iyun ayında başlanılacaq. İyunun sonundan etibarən isə avtomobillərin alıcılara təhvil verilməsi nəzərdə tutulub.

Mövcud "T10X" və "T10F" modelləri ilə müqayisədə "T6X" daha büdcəyönümlü alıcı auditoriyası üçün hazırlanıb. Şirkət rəhbərliyi avtomobilin hədəflənən satış qiymətinin 1 milyon 300 min Türk lirəsi (təxminən 64-65 min manat) civarında olacağını və xüsusi güzəştli kampaniyaların təşkil ediləcəyini bildirib.

Qeyd olunub ki, nəqliyyat vasitələrinə texniki xidmət tələbatının təxminən 80%-i məsafədən proqram təminatı yeniləmələri vasitəsilə həll edilir, eyni zamanda fiziki servis şəbəkəsinin genişləndirilməsi işləri də davam etdirilir.