Azərbaycanda əcnəbilərə satılan əmlakın 71%-ni rusiyalılar alıb

11:55 - 30.10.2026


30 oktyabr, Fineko/abc.az. 2026-cı ilin yanvar–sentyabr aylarında Azərbaycanda 824 əcnəbi daşınmaz əmlak əldə edib.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, əmlak alan xarici ölkə vətəndaşları arasında Rusiya federasiyası vətəndaşları üstünlük təşkil edib.

Belə ki, hesabat dövründə Rusiya vətəndaşları 588 daşınmaz əmlak alaraq ümumi göstəricinin 71,4%-ni təşkil ediblər.

Liderlər sırasındakı növbəti yerləri 80 əmlakla Gürcüstan və 51 əmlakla Türkiyə vətəndaşları tutub. Növbəti pillələrdə İran (17), Qazaxıstan (14), Almaniya (12), Albaniya (8), İsrail (7), ABŞ (6) və Pakistan (6) vətəndaşları qərarlaşıblar.

Qalan əmlaklar isə hər birinə 1–5 əmlak düşməklə İraq, Ukrayna, Belarus, Özbəkistan, Böyük Britaniya, Fransa, Çin və digər ölkələrin vətəndaşları tərəfindən alınıb.