SOCAR Carbamide-in rəqəmsal uğuru beynəlxalq səviyyədə tanınıb

14:12 - 7.08.2026


7 avqust, Fineko/abc.az. İqtisadiyyat naziri Mikayıl Cabbarov "SOCAR Carbamide" zavodunda 2023-cü ildən ABŞ-nin "McKinsey" şirkəti ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilən rəqəmsal transformasiyanın uğurlu nəticələrini açıqlayıb.

Nazir "X" sosial şəbəkəsindəki hesabında bildirib ki, 2,5 ildir davam edən layihə çərçivəsində "EnergyAI" platformasının tətbiqi, ehtiyatların proqnozlaşdırıcı texniki xidmət sistemləri və "SOCAR Digital Academy" vasitəsilə kadr potensialının artırılması sayəsində istehsal həcmi artırılıb, qaz və enerji səmərəliliyi yüksəldilib.

Layihənin qlobal əhəmiyyəti "McKinsey" şirkətinin rəsmi internet səhifəsində ön plana çıxarılıb. Həmçinin qeyd olunub ki, SOCAR Dünya İqtisadi Forumunun 3 "Digital Lighthouse" mükafatına layiq görülüb və bu təcrübə ölkənin bütün sənaye sektoru üçün model rolunu oynayır.