ABADA baş katibi İran üzərindən həyata keçirilən daşımalarda yaranmış problemləri açıqlayıb

11:53 - 21.07.2026


21 iyul, Fineko/abc.az. Hazırda avtomobil daşımalarının coğrafiyasında ciddi dəyişiklik və ya problem yoxdur.

Bunu Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) baş katibi Kənan Qurbanov jurnalistlərlə görüşdə bildirib.

O qeyd edib ki, İran üzərindən həyata keçirilən daşımalar zamanı əsas problemlər daha çox yük sahibləri, ekspeditor şirkətləri, istehsalçılar, xammal ixracatçıları və məhsul idxalçıları ilə bağlı olub.

“Bəndər-Abbas limanında yaranan problemlər səbəbindən yük sahibləri və ekspeditor şirkətləri müəyyən zərərlərlə üzləşə bilərlər. Eyni zamanda, istehsalçılar, xammal ixracatçıları və məhsul idxalçıları da çətinlik yaşayırlar. Lakin sırf avtomobil daşımaları sahəsində ciddi problem müşahidə olunmayıb”, – deyə K.Qurbanov bildirib.

ABADA baş katibi qeyd edib ki, Azərbaycan daşıyıcılarının fəaliyyəti əsasən İranın sərhəd bölgələri ilə məhdudlaşır:

“Azərbaycan daşıyıcıları əsasən Biləsuvar və Astara sərhəd-keçid məntəqələrindən yükləri qəbul edərək tranzit qaydada Rusiyaya daşıyırlar. İran istiqamətində fəaliyyət göstərən daşıyıcılarımızın təxminən 80 faizi məhz bu marşrut üzrə işləyir”.

ABADA rəsmisinin sözlərinə görə, avtomobil daşımalarının coğrafiyasında hazırda ciddi dəyişiklik və ya problem yoxdur.

“Gəmi və dəmir yolu daşımalarını nəzərə almasaq, avtomobil nəqliyyatı sahəsində mühüm problem yaşanmayıb. Əgər əksini desək, bu, reallığı əks etdirməz”, – deyə K.Qurbanov bildirib.

Müəllif: Elmir Muradov