ABŞ-də inflyasiya göstəriciləri öncəsi FED-dən faiz artımı gözləntiləri güclənib

11:14 - 14.07.2026


14 iyul, Fineko/abc.az. ABŞ-də bu gün Bakı vaxtı ilə saat 16:30-da açıqlanacaq iyun ayı inflyasiya göstəriciləri və FED sədri Kevin Uorşun Konqresdəki çıxışı öncəsi bazarlarda faiz artımı gözləntiləri kəskin yüksəlib.

Məlumata görə, iyun ayında illik inflyasiyanın 4,2%-dən 3,8%-ə qədər yavaşlayacağı proqnozlaşdırılsa da, opsion bazarlarında iyul ayında 25 baz bəndlik faiz artımı ehtimalı 10%-dən 50%-ə qədər artaraq dövlət istiqrazlarının gəlirliliyini yuxarı çəkib.

FED-in üzvlərindən sayılan Kristofer Uollerin  inflyasiyanın yüksək qalacağı təqdirdə yaxın gələcəkdə faiz artımının dəyərləndirilməli olduğunu bildirməsi bu gözləntiləri daha da alovlandırıb. "Columbia Threadneedle"ın portfel meneceri Ed Əl-Hüseyni də iyul ayında faiz artımı ehtimalının masada olduğunu və bu ssenarinin reallaşma şansının daha yüksək olduğunu qeyd edib.