QDTİB kiçik və orta biznesə dəstəyi genişləndirməyi planlaşdırır - Sahil Babayev

12:01 - 1.07.2026


1 iyul, Fineko/abc.az. QDTİB kiçik və orta biznesə dəstəyi genişləndirməyi planlaşdırır.

ABC.AZ xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev QDTİB-nin Bakıda keçirilən Rəhbərlər Şurasının 28-ci illik toplantısında jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, növbəti dövrdə Bankla əməkdaşlığımızın daha da genişləndirilməsi nəzərdə tutulur.

"Bugünkü müzakirələrdə Azərbaycanda, eləcə də Cənubi Qafqaz və Qara dəniz regionunda transmilli və regional layihələrin genişləndirilməsi diqqət mərkəzində olub. Xüsusilə nəqliyyat dəhlizləri və enerji layihələrinin daha geniş şəkildə dəstəklənməsi, həmçinin Azərbaycanda və digər üzv ölkələrdə özəl sektora, xüsusən kiçik və orta biznesə maliyyə dəstəyinin artırılması məsələləri müzakirə edilib".

S. Babayev deyib ki, növbəti dövrdə Bankın uğurlu fəaliyyətinin davam edəcəyinə inanır:

"Eyni zamanda, 2025-ci ilin nəticələrini də yüksək qiymətləndiririk. Ötən il həm region ölkələrinin, həm də Bankın həyata keçirdiyi maliyyə tədbirləri və investisiya layihələri uğurlu nəticələr verib. Bankın maliyyə mövqeyi daha da möhkəmlənib, region ölkələrinin maliyyə reytinqləri isə ya yaxşılaşıb, ya da sabit qalıb. Bu baxımdan, 2025-ci ilin uğurlu nəticələri qeyd olunur və növbəti dövr üçün perspektiv layihələr müzakirə edilir".