21:40 - 13.06.2026
13 iyun, Fineko/abc.az. ABŞ Prezidenti Donald Tramp rəsmi Tehranla aparılan danışıqların yekun mərhələsi və sabah imzalanacaq saziş barədə özünəməxsus üslubda kəskin bəyanatlar verib.
ABC.AZ xəbər verir ki, ABŞ dövlət başçısı sosial şəbəkə hesabında paylaşım edərək sazişin detallarını və İranın nüvə proqramının gələcəyini şərh edib.
Trampın bəyanatının əsas məqamları:
Boğazın dərhal açılması: ABŞ Prezidenti memorandumun sabah imzalanacağını təsdiqləyib: "Saziş sabah imzalanmalıdır və imzalanmadan dərhal sonra Hörmüz boğazı HAMI ÜÇÜN AÇIQDIR".
Nüvə silahına qəti qadağa: Tramp İranın nüvə ambisiyalarına son qoyulacağını bildirib: "İranın artıq nüvə silahına ehtiyacı yoxdur. Nə satın alma, nə hazırlama, nə də hər hansı başqa yolla onlarda nüvə silahı olmayacaq".
"B-2" bombaları və hərbi xəbərdarlıq: Prezident gələcəkdə İranın yeraltı nüvə infrastrukturunun zərərsizləşdirilməsi prosesinə də toxunub: "Doğru zamanda, hər şey sakitləşəndə, biz daxil olub möhtəşəm "B-2" bombardmançılarımız sayəsində qranit dağların dərinliklərində basdırılmış nüvə tozunu götürəcəyik". O, Yaxın Şərqlə uzunmüddətli əməkdaşlığa ümid etdiyini, lakin proses rəvan getməsə, ABŞ-ın əlində "sonuncu alternativin" (hərbi variantın) olduğunu vurğulayıb.