BOKT-lər üçün yeni korporativ standartlar gəlir – AMB layihəni hazırlayıb

18:57 - 12.06.2026


12 iyun, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) hüquqi-normativ bazasının təkmilləşdirilməsi istiqamətində işləri davam etdirir.

ABC.AZ rəsmi hesata istinadən xəbər verir ki, hazırda Mərkəzi Bankın "Mikromaliyyə Modeli üzrə Strateji Çərçivə" sənədinə uyğun olaraq sahəvi qanunvericiliyə dəyişikliklər qiymətləndirilir və onların mərhələli tətbiqi planlaşdırılır.

Sektorda şəffaflığın artırılması məqsədilə növbəti mühüm addımlar atılıb:

  • Kənar audit üzrə minimum tələblər: BOKT-lərin institusional potensialının gücləndirilməsi məqsədilə kənar auditin aparılmasına dair minimum tələbləri müəyyən edən qaydalar təsdiqlənib. Bu qaydalar auditorların seçilməsi meyarlarını, audit yoxlamalarının əhatə dairəsini və daxili audit funksiyaları ilə əlaqələndirmə tələblərini tənzimləyir.

  • Korporativ idarəetmə standartları: BOKT-lər üçün yeni korporativ idarəetmə standartlarının layihəsi hazırlanıb və sektor nümayəndələri ilə müzakirə edilib. Yaxın zamanlarda sənədin Mərkəzi Bank tərəfindən rəsmən təsdiqlənməsi gözlənilir.