BMT: Böhranlı minerallar qlobal ticarəti yenidən formalaşdırır

22:00 - 12.06.2026


12 iyun, Fineko/abc.az. BMT-nin Ticarət və İnkişaf Qurumu (UNCTAD) iyun ayı üzrə Qlobal Ticarət Hesabatını yayımlayıb. Hesabata əsasən, təmiz enerji və rəqəmsal texnologiyalara keçid fonunda mis, nikel, litium, kobalt və nadir torpaq elementləri kimi böhranlı (kritik) minerallara tələbatın kəskin artması qlobal ticarəti və geosiyasi rəqabəti kökündən dəyişir.

ABC.AZ sənədin əsas məqamlarını təqdim edir:

  • Tələb proqnozu: 2040-cı ilə qədər dünyada litiuma olan tələbatın 350%, qrafitə olan tələbatın isə 130%-dən çox artacağı gözlənilir.

  • Tədarük koalisiyası və inhisar: Hasilat bir neçə ölkədə cəmləşib. Belə ki, qlobal kobaltın 74%-ni Konqo Demokratik Respublikası, təbii qrafitin 78%-ni Çin istehsal edir. Avstraliya, Çili və Çin isə birlikdə dünya litium hasilatının 70%-nə nəzarət edir.

  • Ticarət məhdudiyyətləri: Dövlətlər milli təhlükəsizlik və daxili istehsalı qorumaq üçün ticarət siyasətindən alət kimi istifadə edirlər. 2020-ci ildən bəri bu sahədə ixracata yönəlmiş 100-ə yaxın fərqli məhdudlaşdırıcı tədbir tətbiq edilib.

UNCTAD xəbərdarlıq edir ki, ölkələr arasında artan rəqabət qlobal ticarətdə "parçalanmış sistem" riski yaradır. Bu isə qiymətlərin bahalaşmasına, investisiya qərarlarının çətinləşməsinə və inkişaf etməkdə olan ölkələrə mənfi təsir göstərə bilər. Qurum bu sahədə daha koordinasiyalı və açıq yanaşma tətbiq etməyi tövsiyə edir.