Ötən il gəlir və mənfəət vergisi üzrə büdcə daxilolmaları proqnozu üstələyib

15:32 - 9.06.2026


9 iyun, Fineko/abc.az. 2025-ci ilin yekunlarına əsasən, Azərbaycanda həm fiziki şəxslərin gəlir vergisi, həm də hüquqi şəxslərin mənfəət vergisi üzrə dövlət büdcəsinə daxilolmalar proqnozlaşdırılan göstəriciləri qabaqlayıb.

ABC.AZ xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrasına dair illik Hesabatı”nda bildirilir.

Fiziki şəxslərin gəlir vergisi üzrə artım:

Hesabat ilində gəlir vergisi daxilolmaları 1 milyard 989 milyon manatlıq proqnoza qarşı 2 milyard 21,5 milyon manat (1,6% çox) icra olunub. Bu, 2024-cü illə müqayisədə 182,3 milyon manat (və ya 9,9%) çoxdur.

Səbəb: Proqnozun artıqlaması ilə icrasına əsas səbəb ölkədə əməkhaqqı fondunun 2,4 milyard manat (10%) genişlənməsi və orta aylıq nominal əməkhaqqının 2024-cü ilə nisbətən 9,3% artaraq 1 102,9 manat təşkil etməsidir.

Mənfəət vergisi üzrə göstəricilər:

Hüquqi şəxslərin mənfəət vergisi üzrə daxilolmalar isə 6 milyard 344 milyon manatlıq proqnoza qarşı 6 milyard 694,6 milyon manat təşkil edib ki, bu da nəzərdə tutulandan 350,6 milyon manat (və ya 5,5%) çoxdur.

Mənfəət vergisinin 58,3%-i (3 milyard 904,2 milyon manat) qeyri-neft-qaz sektorunun, 41,7%-i (2 milyard 790,4 milyon manat) isə neft-qaz sektorunun payına düşüb.