11:47 - 5.06.2026
5 iyun, Fineko/abc.az. Serbiya Rusiyanın "Qazprom" şirkəti ilə daha 3 ay müddətinə — sentyabrın sonuna qədər əlavə qaz tədarükünə dair razılıq əldə edib.
ABC.AZ xəbər verir ki, bu barədə "Reuters" agentliyi Serbiyanın energetika nazirinin bəyanatına istinadən məlumat yayıb.
Serbiyanın energetika naziri Dubravka Cedoviç Handanoviç Sankt-Peterburqda "Qazprom"un Direktorlar Şurasının sədri Aleksey Miller ilə keçirdiyi görüşün yekunlarına dair "Tanjug" agentliyinə açıqlamasında müqavilənin iyunun 30-dan sonra daha üç ay müddətinə uzadılmasını təsdiqləyib.
Nazir bu addımın ölkə üçün strateji əhəmiyyətini belə ifadə edib:
"Bu, ölkəmiz, vətəndaşlarımız və iqtisadiyyatımız üçün çox vacibdir. Çünki söhbət qiymət baxımından olduqca sərfəli, eyni zamanda həcm və çeviklik nöqteyi-nəzərindən sabit tədarükdən gedir".
Qeyd edək ki, Serbiya bundan əvvəl — cari ilin mart ayında da Rusiya ilə qaz tədarükü müqaviləsini 3 aylıq müddətə uzatmışdı.
Rusiya tərəfindən təmin edilən ucuz idxal Serbiyanın qaza olan tələbatının 90%-ə qədərini qarşılayır. Bununla belə, rəsmi Belqrad tədarükü Azərbaycan qazı və Yunanıstan terminallarından alınan mayeləşdirilmiş təbii qaz (LNG) hesabına diversifikasiya etməyə çalışır.
5 İyun 2026
4 İyun 2026
5 İyun 2026