17:28 - 2.06.2026
2 iyun, Fineko/abc.az. Bakı Enerji Həftəsi çərçivəsində SOCAR ilə “Boston Consulting Group” (BCG) şirkəti arasında “Xəzər Regionunda Metan Emissiyalarının Azaldılmasının Sürətləndirilməsi” (Caspian Methane Emissions Abatement Accelerator) təşəbbüsünün icrasına dair Əməkdaşlıq Müqaviləsi imzalanıb.
ABC.AZ xəbər verir ki, sənədi SOCAR-ın vitse-prezidenti Əfqan İsayev və BCG şirkətinin idarəedici direktoru və baş tərəfdaşı Pattabi Seşadri imzalayıblar.
Xatırladaq ki, sözügedən təşəbbüs ötən il (4 iyun 2025-ci il tarixində) Bakı Enerji Forumu çərçivəsində SOCAR və BCG-nin birgə əməkdaşlığı ilə 2030-cu ilə qədər metan emissiyalarının minimuma endirilməsi istiqamətində fəaliyyəti sürətləndirmək məqsədilə irəli sürülüb.
Təşəbbüsün əsas məqsədləri:
Xəzər regionunda metan emissiyalarının azaldılması üzrə əməkdaşlığın gücləndirilməsi;
Sahə üzrə birgə tədqiqat və araşdırmaların aparılması, həmçinin birgə layihələrin icrası;
Qarşılıqlı bilik mübadiləsi və effektiv təcrübələrin tətbiqi;
Xəzər regionunda neft-qaz əməliyyatları zamanı emissiyaların azaldılması tədbirlərinin təşviq edilməsi.