Azərbaycanda kərə yağı istehsalı 8.6% azalıb

14:18 - 21.05.2026


21 may, Fineko/abc.az. 2026-cı ilin ilk dörd ayında Azərbaycanda kərə yağı istehsalı 7 946.3 ton təşkil edib ki, bu da illik müqayisədə 8.6% azdır.

ABC.AZ xəbər verir ki, beləliklə, son illərdə ilk dəfə olaraq kərə yağı idxalı daxili istehsalı üstələyib.

Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə istehsal 8 689.6 ton, 2024-cü ilin ilk dörd ayında 8 912.8 ton, 2023-cü ilin eyni dövründə isə 8 938.8 ton olmuşdu. İstehsaldakı azalma əsas xammal bazasında da özünü göstərib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı il aprelin 1-nə ölkədə inəklərin sayı 1 milyon 209 908 baş olub. Bu göstərici bir il əvvəl 1 milyon 220 048 baş təşkil edirdi.

Süd istehsalı isə ilk dörd ayda 701.6 min ton olub ki, bu da ötən ilin eyni dövründəki 701.9 min tonla müqayisədə cüzi azalma deməkdir.

Daxili istehsal zəiflədiyi üçün bazarda tələbin böyük hissəsi idxal hesabına qarşılanır.

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2026-cı ilin ilk 4 ayında Azərbaycana 9 077 ton kərə yağı idxal edilib və bunun ümumi dəyəri 57.48 milyon dollar təşkil edib. Ötən ilin eyni dövründə isə idxal 7 936 ton olmuşdu.