11:35 - 18.03.2026
18 mart, Fineko/abc.az. ABŞ və Yaponiya hakimiyyət orqanları Yaponiya ərazisində birgə neft ehtiyatlarının yaradılması məsələsini müzakirə edirlər. Bu ehtiyatların Amerika yataqlarından tədarüklər hesabına doldurulması nəzərdə tutulur. Belə razılaşmanın 19 martda Vaşinqtonda Yaponiya baş naziri Sanae Takaiti və ABŞ prezidenti Donald Tramp arasında keçiriləcək görüş zamanı elan oluna biləcəyi bildirilir.
ABC.AZ xəbər verir ki, məlumata görə, layihə Tokionun daha əvvəl ABŞ-a yatıracağını vəd etdiyi 550 milyard dollarlıq investisiyalar hesabına maliyyələşdiriləcək. Birgə neft ehtiyatlarının yaradılmasına yönəldiləcək Yaponiyanın investisiya həcmi gələcək məsləhətləşmələr zamanı razılaşdırılacaq.
Məlumata əsasən, birgə ehtiyatlar Alyaskadakı yataqlardan idxal edilən neft hesabına formalaşdırıla bilər. Bununla Tokio Yaxın Şərqdə davam edən böhran fonunda tədarük mənbələrini şaxələndirməyə çalışır. Hazırda Yaponiya istehlak etdiyi neftin 90%-dən çoxunu həmin regiondan, cəmi 1,9%-ni isə ABŞ-dan alır.
Yaponiya 16 martdan etibarən ABŞ və İsrailin İrana endirdiyi zərbələrdən sonra yaranan tədarük problemləri səbəbindən strateji neft ehtiyatlarının bir hissəsini satışa çıxarıb. Bazara 45 günlük tələbatı ödəyən həcmdə neft aşağı qiymətlərlə çıxarılacaq. Ümumilikdə ölkənin ehtiyatları təxminən səkkiz aylıq tələbatı qarşılayır.
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026