2030-cu ilə qədər Bakıda avtobusların sayı 2 800-ə çatdırılacaq

14:10 - 28.01.2026


28 yanvar, Fineko/abc.az. Hazırda Bakıda 1 000-ə yaxın avtobusun dəyişdirilməsinə ehtiyac var.

ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev Bakıda keçirilmiş dəyirmi masada bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə işlər 2030-cu ilə qədər tamamlanacaq: "Paytaxtda həmin dövrə qədər avtobusların sayının 2 800-ə çatdırılması nəzərdə tutulur. Gördüyünüz kimi, yeni avtobusların rəngi qırmızıdır. Zamanla şəhərdəki ağ rəngdə olan avtobusların sayı azalacaq".

O bildirib ki, avtobus parkının mərhələli qaydada yenilənməsi prosesində ötən il ərzində Bakıya 400-ə yaxın avtobus gətirilib:

"Ölkə üzrə isə ötən il ümumilikdə 600-dən artıq avtobusun yenilənməsi həyata keçirilib. Bu ildən xüsusi "İctimai nəqliyyat" büdcə fondunun yaradılması və daşıyıcılarla "brutto müqavilə sistemi"nə keçid avtobus parkının ekoloji cəhətdən təmiz nəqliyyat vasitələri sayəsində yenilənməsini sürətləndirəcək".