Ötən il Azərbaycanın Avropaya satdığı təbii qaz 18% bahalaşıb

14:24 - 26.01.2026


26 yanvar, Fineko/abc.az. 2025-ci ilin ilk on bir ayında Azərbaycanın Avropaya təbii qaz ixracı 11,58 milyard kub-metr təşkil edib və gəlir 5,41 milyon dollar olub. Ötən ilin eyni dövrü ilə müqayisədə həcm sabit qalsa da, qiymətlərin bahalaşması ixrac gəlirini 18,3% yüksəldib.

ABC.AZ xəbər verir ki, bu dövrdə Avropa üzrə qazın orta qiyməti hər 1 000 kub-metr üçün 467 dollar olub. Keçən il isə orta qiymət 395 dollar/1 000 kub-metr təşkil edirdi.

Beləliklə, Avropa bazarında Azərbaycan qazının orta qiyməti illik müqayisədə hər 1000 kub-metrdə 72 dollar və ya 18,2% artıb.

İtaliya əsas alıcı olub, 8,78 milyard kub-metr qaz 4,23 milyard dollar dəyərində ixrac edilib, ötən il həcim 8,93 milyard kub-metr və gəlir 3,64 milyon dollar idi. Bolqarıstana ixrac 1,77 milyard kub-metr olub və gəlir 640 milyon dollar təşkil edib, keçən il həcim 1,74 milyard kub-metr, gəlir isə 560 milyon dollar idi. Yunanıstana ixrac 830 milyon kub-metr olub və gəlir 428 milyon dollar təşkil edib, ötən il isə həcim 849  milyon kub-metr, gəlir 358 milyon dollar idi.

Serbiyaya ixrac isə 193 milyon kub-metr üçün 106 milyon dollar dəyərində olub, orta qiymət 552 dollar/1000 kub-metr təşkil edib.

Qeyd edək ki 2025-ci ilin noyabrından etibraən Suriya Ərəb Respublikasına ixrac 25 milyon kub-metr və 87 milyon dollar dəyərində olub, orta qiymət 343 dollar/1 000 kub-metr.