ADY bayram günlərində işləyəcək?

16:22 - 24.12.2025


24 dekabr, Fineko/abc.az. "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) bütün strukturları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ilə əlaqədar qeyri-iş günü elan edilən 31 dekabr 2025-ci il – 4 yanvar 2026-cı il tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Səhmdar cəmiyyətindən ABC.AZ-a bildirilib ki, hərəkətin təhlükəsizliyinin davamlı təmin edilməsi, yüklərin və sərnişinlərin mənzil başına vaxtında çatdırılması məqsədilə hərəkət vasitələrinə texniki baxış keçirilir, infrastrukturda davamlı yoxlamalar aparılır.

Bayram günlərində artan sərnişin tələbatı nəzərə alınaraq rayonlararası istiqamətlər üzrə əlavə reyslər təşkil ediləcək.

Belə ki, ölkənin mühüm turizm bölgələrindən olan Qəbələyə səfərlərin daha komfortlu həyata keçirilməsi məqsədilə 31 dekabr – 4 yanvar tarixlərində Bakı–Qəbələ–Bakı xətti üzrə hər iki istiqamətdə əlavə qatar reysləri təyin edilib. Bu marşrut üzrə qatar həmin tarixlərdə saat 07:30-da Bakıdan Qəbələyə, 19:00-da Qəbələdən Bakıya yola düşəcək.

Bundan əlavə, 1, 2 və 4 yanvar tarixlərində Bakı–Qazax–Bakı marşrutu ilə hər iki istiqamətdə əlavə reyslər təyin edilib. Qatar Bakıdan saat 07:45-də, Qazaxdan isə 16:40-da yola düşəcək.

Həmçinin Bakı–Ağstafa–Bakı istiqamətində 26, 27, 28, 29, 30, 31 dekabr, eləcə də 1, 2, 3 və 4 yanvar tarixlərində əlavə reyslər olacaq. Qatar 26–31 dekabrda saat 08:30-dan Bakıdan, 17:12-də isə Ağstafadan hərəkətə başlayacaq. 1–4 yanvar tarixlərində isə qatarların hərəkətə başlama saatı müvafiq olaraq 08:30 və 17:20 olacaq.