15:04 - 22.09.2025
22 sentyabr, Fineko/abc.az. Axşam saatlarda bəzi marşrutlar sərnişin sayı az olduğuna və nəticədə rentabelli olmadığına görə avtobuslar xəttdən çıxarılır və depoya yönləndirilir.
ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev brifinqdə deyib.
"Hazırda yetərli sayda avtobusun daşımalara cəlb edilməsi üçün müəyyən tədbirlər görülsə də, mövcud model məsələnin sistemli həllinə imkan vermir. Bu da marşrutda işləyən avtobuslar arasında intervalın artmasına və ya günün müxtəlif saatlarında ümumiyyətlə avtobusların işləməməsi ilə nəticələnir.
Yeni mexanizmlər tətbiq olunduqdan sonra sərnişin daşımaları üzrə qrafiklər daha çevik qurulacaq. Bir çox hallarda marşrutlar gecə saat 00:00-a qədər fəaliyyət göstərəcək. Eyni zamanda, sərnişin tələbatı nəzərə alınaraq bəzi istiqamətlərdə daha gec saatlara qədər də xidmətin göstərilməsi imkanları qiymətləndiriləcək", - deyə o qeyd edib.